Dəhliz

Cavaxetidə hər şey fərqlidir: landşaft, iqlim, insanlar, arxitektura. Hər gəlişimdə nəyin əsas olduğunu başa düşməyə çalışıram, Cavaxetinin sirri nədədir?

70 il öncə bura dalan idi. Sovet İttifaqının sərhəddi. İnsanların xüsusi buraxılış kağızı ilə hərəkət etdiyi yer. Onda çoxları Cavaxetini tərk etdi. İndi bu diyar dəhliz, yolayrıcı və ya üç ölkənin qovuşduğu yeridir. Burada böyük layihələr, böyük dövlətlərin maraqlarının kəsişməsi var. Bu məqalədə mən Cavaxetinin necə dəyişdiyi və ya dəyişmədiyi barədə danışacam. Burada həmişə özünə sığınacaq axtaran insanlar və quşlar bura nə gətirir və buradan nə aparırlar. Cavaxetinin əhalisinin böyük əksəriyyəti ermənilərdir. 1980-90-cı illərdə buraya Acariyadan  gürcü müsəlmanlarını, ekomiqrantları köçürdülər. Bundan əvvəl isə keçən əsrin 40-cı illərində Stalinin əmri ilə bir gecədə buradan məshəti türkləri çıxarılıb. Bəzi kəndlərdə isə indiyə qədər yerli ekzotikaya çevrilən slavyanlar - duxoborlar yaşayır.

Buranın insan landşaftı niyə belə tez-tez dəyişir? Yoxsa Cavaxetinin öz unikal sirri məhz bu dəyişikliklərdədir?

Böyük göllər ölkəsi 

Cavaxeti dəniz səviyyəsindən 1800-2100 metr yüksəklikdə yerləşir. Gürcüstanın heç bir yeri bura qədər soyuq olmur. Qışda temperatur bəzən 40 dərəcədən də aşağı düşür.  

Yerli əhali şaxta və qara alışıb. Meşələr demək olar ki, yoxdur. Evləri qışda təzəklə qızdırırlar.   

Yazda bu soyuq qarlı diyar dəyişir. Çəmənlərdə alp çiçəkləri açır, çox sayda quşlar uçub gəlir. Cavaxeti köçəri quşlar üçün Gürcüstanın əsas dəhlizlərindən biridir.

Paravani, Saqamo, Xançali, Tabaktskuri, Madatafa, Buqdaşeni - “böyük göllər ölkəsi” – Cavaxetini bu cür də adlandırmaq olar. Bəziləri dərin, bəziləri dayaz, isti və soyuq sulu - suda üzən quşlar üçün bura yer üzündə cənnətdir. Buna görə də  bir çox quşlar Cavaxetidə məskən salır, bəziləri uzun uçuşdan sonra istirahət edir, digərləri yuva qurur. 

Duxoborlar

 

1835-ci il payızının sonlarında Ninotsmindanın ətraf yerlərinə arabalarda və piyada insanlar gəldi.

Duxoborlar və ya ruhlarla vuruşanlar - onlar özlərini belə adlandırırdılar.

Rusiya-Türkiyə müharibəsindən sonra Cavaxeti boş qalmışdı. Duxoborlar isə (kilsəni qəbul etməyən və orduda xidmətdən imtina edən provoslav protestantlar)  itaətsizliyinə görə Rusiya imperatoru tərəfindən Cavaxetiyə sürgün edildi.

Bu qərar niyə qəbul olundu, bu haqda bu gün Cavaxetidə ən yaşlı duxoborlardan biri olan Kolya Suxorukov danışacaq 

 

Nikolayın hekayəsi: “Aramızda qaraçı, alman, polyak, moldovan, tatar, kazak, ukraynalı, finlər var. Bizim qanımıza hansı qan qarışmayıb. Miliyyətin əhəmiyyəti yoxdur, biz Tanrının oğul və qızlarıyıq.

Məsələn, əgər susuzlamısızsa və kimsə sizə su verirsə, siz suyun hansı millətdən olduğunu soruşacaqsız? Normal insan suyu içib, təşəkkür edəcək. Evlənməyə qərar verəndə valideynlərimin yanına gəlib dedim: “Bu qarşılıqlı sevgidir, bizim sözümüz -qanundur”. Sevgi olanda ailə də möhkəm olur. Milliyətin isə buna heç bir dəxli yoxdur. Mənim yoldaşım başqa millətdəndir.

Bizim babalarımız insanın qəlbində yaşayan tanrıyla söhbət edib. Biz tanrıyla münasibətdə vasitəçiləri qəbul etmirik. Bir vaxta qədər xristianlıq və bizim dünyagörüşümüz arasında təzad yoxuydu, sonra isə bizi təqib etməyə, köçürməyə başladılar. Deyirdilər ki, niyə kilsəyə getmirsiz”. 

 

 

Yavaş-yavaş zəhmətkeş və vicdanlı duxoborlar Cavaxetidə özlərinə yer tapdılar. Cavaxeti onların öz evinə çevrildi - Qorelovka, Spasovka, Yefremovka və başqa kəndlər səliqəli kiçik evləri, təmiz küçələri olan ənənəvi, işləməli paltarda olan insanların yaşadığı slavyan yaşayış məntəqələrinə çevirildi. Cavaxeti daha da zənginləşdi.

2014-cü ildə əhalinin ümumi siyahıya alınmasına görə, 2002-ci illə müqayisədə Samtsxe-Cavaxeti əhalisinin sayı 47 min 94 nəfər azalıb. Duxoborların yaşadığı 7 kənd - Qorelovka, Spasovka, Orlovka, Yefremovka, Troitskoye, Tambovka, Rodionovka demək olar ki, tam boşalıb.

Burada doğulub böyüyən Nikolay Suxorukov həmvətənlilərinin daha yaxşı həyat axtarışıyla buraları tərk etdiklərini deyir.

Duxoborlar əsasən heyvandarlıqla məşğul olub. Alp zonasında mal-qara üçün xüsusi örüşlər var idi, onların pendiri də möhtəşəm alınırdı. Bu gün Cavaxetidə tez-tez duxobor pendiri üçün darıxdıqlarını deyirlər.


Ekomiqrantlar

 

Duxoborların kəndlərində indi başqaları yaşayır. Onların sözlərinə görə onları bura tale və təbiət gətirib. Sel və daşqınlara görə öz yurdlarını tərk etməli olan, Acariyadan və Cənubi Gürcüstanın başqa bölgələrindən gələn ekomiqrantlar.   

Cavaxetinin sərt təbiətinə artıq alışıblar. İndi başqa problemləri var – evlərini şəxsi mülk kimi rəsmiləşdirə bilmirlər, mal-qara üçün otlaq çatmır.

Hər ailəyə cəmi 2 hektar torpaq düşüb, buradan biçilən ot da heç iki inəyə belə çatmır. Qış burada 7 ay sürür. Ekomiqrantların bir hissəsi az maaşa yerli fermalarda işləyir. “İstədiyimiz odur ki, evlərimizi rəsmiləşdirsinlər və çəmən versinlər. Başımızı soxmağa bir yerimiz olsun. Nəsə baş versə, hara gedək? Ömür boyu qaçqın kimi yaşamayacağıq ki. Torpağımız yoxdur, heyvanları necə saxlayaq?”- Qorelovkaya Adigenidən köçən ekomiqrant Omar Şavadze deyir. 

 

Omarın həyat hekayəsi: “Mən Adigendənəm, 2011-ci ildə torpaq sürüşməsi nəticəsində evim dağıdıldı, mən də bura köçdüm. Hökumət kömək etdi, ev ayırdı. Ailədə beş nəfər idik, qızım ərə getdi. İnəyi sağırıq, südü satırıq – bu da bizim bütün gəlirimiz. Amma burada heç kim çox qalmayacaq. Daha əvvəl də - 80-90-cı illərdə bura gürcüləri köçürmüşdülər, amma çoxları köçdü. Qışda bura soyuq olur, çoxu dözə bilmir. Biz Cavaxetidə böyümüşük, öyrəncəliyik. Torpaqsız burada yaşamaq mümkün deyil.

Onlarla iş adamı burada torpaq icarəyə götürür. Bizim torpağımızdır - deyirlər, biz də ona toxunmuruq. Rayona da getmişik (Ninotsminda), quberniyaya da (Tbilisi), amma heç nə alınmır – torpağı almağı təklif edirlər. Pul yoxdursa, necə ala bilərik? Buralar yaxşı yerlərdi, yaşamaq olar. Heyvandarlıqla məşğul olmağı sevən yaşaya bilər”.

Bu gün Qorelovkada 90-a yaxın gürcü ailəsi yaşayır. Əsasən Adigena və Xuloda təbii fəlakətdən zərər çəkənlərdir.

Qorelovkaya köçürülmüş gürcü müsəlmanları məscid düzəldiblər - ev alıb, təmir elətdirib, molla dəvət ediblər.

“Burada qalmaq istəyirik, amma torpaq verməsələr qala bilməyəcəyik. Artıq o yaşım da deyil ki, işləmək üçün Türkiyəyə gedim. Bura dəmiryolu çəkiləndə yaxşı idi. Tikintiyə götürməsələr də, qarovulçu kimi qəbul edirdilər”. 


Mövsümi miqrantlar

Demək olar ki, hər bir erməni ailəsində ya mövsümi, ya da daimi iş üçün Rusiyaya gedənlər var. Əsasən də yay vaxtı kişilər gedir. Tikintidə işləyir, yol çəkir, qazandıqları pulla bütün qışı dolanırlar.

Taleyimdən narazı deyiləm, tikintidə işləyirəm. On baş mal-qaram var, süd satıram. Yoldaşım və iki qızım var. Bir şey pisdir ki, hələ ki, oğul övladım yoxdur, amma lazımdır. Artıq 10 ildir ki, heç yerə getmirəm, əvvəllər həmişə işləməyə Rusiyanın Krasnodar vilayətinə gedirdim. Yarım il tikintilərdə işləyirdim. Orada qohumlarım çoxdur, beş il orada yaşamışam. Orada iş var, amma yenə də çətindir, ailəsiz yaşayırsan, isti yeməyə həsrətsən, çətindir.

Bizim kənddən hardasa 20 nəfər Rusiyaya qazanc dalınca gedib. Əvvəllər kəndin yarısı gedirdi. Pul dəyərdən düşəndən sonra getməyin bir mənası qalmayıb, dəyişəndə bir şey qalmır. Əvvəllər yarım ilə qazandığımızla burada bütün qışı dolanırdıq.

Mən burada doğulmuşam, atam kolxozda sürücü işləyib. Yaxşı vaxtlar idi, ailə böyük idi.

Qızlarım məktəbə gedir. Ərə getməyə hazırlaşmırlar. Təhsillərini davam etdirmək istəyirlər. Gürcü dilini yaxşı bilirlər. Biri riyaziyyat üzrə olimpiadada ikinci yerə çıxıb. Belə davam etsələr, mənim kimi olmayacaqlar, təhsil alacaqlar. Məktəbdən sonra gürcü diliylə məşğul olurlar ki, gələcəkdə iş tapmaqla bağlı problemləri olmasın. Böyük qızım Tbilisiyə oxumağa getmək istəyir. Ev kirayələyəcəm ki, Tbilisiyə gedə bilsin. Biz də Rusiyada qalanda evi birlikdə kirayələyirdik. Çox vaxt bu heç ev də olmurdu, heç nəyi yoxuydu, 6-7 nəfər taxtanın üstündə yatırdıq. Yox, ailənlə olanda daha yaxşıdır. Mənim qızlarım belə yaşamayacaq. 


Quşlar 


Cavaxeti yaylasından quşlar üçün ən vacib miqrasiya dəhlizlərindən biri keçir. Yazda şimala, payızda cənuba uçurlar. Həmin vaxtlarda da yayla yüz minlərlə quşla dolu olur. Dayaz, plankton və balıqla zəngin göllər su quşları üçün əsl kurorta çevrilir, dincəlmək və enerjilərini bərpa etmək üçün əla yerdir. Uçuş uzun və böyük güc tələb edən səyahətdir, böyük enerji ehtiyatına ehtiyac var. Buna görə də bütün yay boyu quşlar hazırlaşır, piy yığır, payızda uçuşa hazırlaşır. Bəziləri (leyləklər, vəhşi quşlar) gündüz, digərləri isə (ördəklər və bəzi sərçə fəsiləsinə aid olanlar) gecə uçur. Qışda burada quş olmur. Qış burada adətən şaxtalı keçir. Göllər buz bağlayır, qidalanmağa heç nə olmur. 

Yayda isə tam fərqli mənzərə olur. Bir çox quşlar miqrasiyanı məhz bu yerlərdə bitirir, yuva qurur, yumurta qoyur. Leyləklər, qutanlar və hətta durnalar (bu il Cavaxetidə üç cütlüyün yuva qurduğu deyilir) Cavaxeti Milli Parkında və onun ətraf yerlərində özlərinə məskən və qida axtarır. Madatafa gölündə böyük erməni qağayıları (Larus armenicus) koloniyası məskunlaşıb. Yayda su səviyyəsi qalxdığından adaya çevrilən yarımadada 10 mindən çox quş yaşayır. 

 

Powered by  Jumpstart Georgia